Cümə
2017-09-22
6:09 PM
Главная www.SENANOGUZ.Tk Приветствую Вас Qonaq | RSS Регистрация
Вход
Меню сайта

Разделы новостей
Xəbərlər [4]
Praqramlar [19]
Oyunlar [19]
İdman [1]
Teleserial [0]
İslam [2]
Maraqlı [11]
Xaker [3]
Sevgi [1]
Musiqi [18]
Şəkillər [5]
Dle Templates [1]
Dle Templates
Dle Modules [6]
Dle modullari Dle Modules
Web Masterler Ucun [8]
Web Masterler Ucun
VodooChat [6]
VodooChat haqinda butun melumatlar
DataLife Engine [0]
Tanınmışlar [3]
Avto Dünya [0]
Mobil Dünya [5]

Мини-чат
500

Наш опрос
Rate my site
Всего ответов: 84

Главная » 2009 » Fevral » 22 » HİV-lə yaşayan Elnurə Əhmədova: “Mən kabus deyiləm!...”
HİV-lə yaşayan Elnurə Əhmədova: “Mən kabus deyiləm!...”
3:51 PM

“Bar qızı” kimi tanıdılan, adı və şəkli medianın gündəmindən düşməyən 19 yaşlı Elnurə tükürpədici həyat dramını danışdı

...Onu tapmaq və müsahibə götürmək çətin olsa da, söhbətimiz gözlədiyimizdən də maraqlı alındı. Müsahibəni “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova və “Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva ilə birlikdə götürdük.

Cəmiyyətdə “HİV-lə yaşayan Elnarə Əhmədova” kimi tanınan. əslində isə Əhmədova Elnurə Gülməmməd qızı olan müsahibimiz ona olan yersiz diqqətdən çox bezib. Lent.az-a müsahibəsi zamanı “nə qədər yazırlar, daha bezmişəm, bəsdirin” deyirdi Elnurə...

Dosye: 1989-cu il noyabrın 4-də dünyaya gəlib. Hər iki valideynini kiçik yaşlarında itirib. 2003-cü ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. 2007-ci ildə Cinayət Məcəlləsinin 140.1 (bilə-bilə başqa vətəndaşları immumçatışmazlığı virusu ilə yoluxdurma təhlükəsi qarşısında qoyma) maddəsi ilə həbs olunub, 7 ay həbsdə yatıb. 2008-ci ilin aprel ayında həbsxanadan çıxıb. Həbsxanadan çıxdıqdan sonra “Təmiz Dünya“ İctimai Birliyinin “Zorakılıq qurbanları üçün sığınacağı”nda 4 ay yaşayıb. Hazırda yaşamağa yeri yoxdur. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmi açıqlamasına görə, o, heç kimi HİV-ə yoluxdurmayıb.

- Sənin adın həqiqətənmi Elnarədir?


- Yox, adım Elnurədir.

- Bəs necə oldu ki, “Elnarə” oldun?

- Sadəcə, uşaqlıqdan Elnarə kimi çağırıblar.

- Bəs sən həbs olunan vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları adını sənəddən köçürmədilər?

- Yox, yəqin sənədlərimi üzə çıxara bilmədilər.

- Ancaq soyadın həqiqətən də Əhmədovadır...

- Mən Əhmədova Elnurə Gülməmməd qızıyam. Sənəddə adım belədir.

- İndi özünü necə hiss edirsən? Həm psixoloji, həm də fiziki baxımdan.

- Özümü çox gözəl hiss edirəm, özümü çox sevirəm. Özümü həyata qayıtmış kimi hiss edirəm. İndi azadlıqdayam. Keçmişdə olanları unutmaq, tamam başqa bir həyatda yaşamaq istəyirəm. Bir yerdə işləmək, tövbə edib namaza başlamaq istəyirəm. Allaha qurban olum, türmədə olduğu kimi, azadlıqda da namaz qılmaq istəyirəm. İstəyirəm evdən işə, işdən evə gedim.

- Türmədən əvvəlki həyatınla indiki arasında fərq nədir? Sənin üçün nə dəyişib?

- Çox dəyişib...

- Həbsdən əvvəl dost-tanışın var idimi?

- Hə, var idi. Bir yaxın rəfiqəm var idi - Leyla. Onunla uşaqlıqdan dost idik. Ancaq daha çox avaraların içində olmuşam. Çünki xam idim, bilməzdim ki, belə işlər olacaq. Avara uşaqlara qoşuldum.

- Neçə yaşından küçədə olmusan?

- 13-14.

- Axı küçəyə niyə çıxmışdın?

- Anam piyanska idi, atama xəyanət eləmişdi. Onlar biz uşaq olanda vəfat ediblər. Bizə baxan olmadı, ehtiyac üzündən küçələrə düşdüm. Mənim qardaşım da 22 yaşında rəhmətə gedib. İndi yalnız bircə kiçik bacım var. Bacıma qurban olum. İstəyirəm bacım xoşbəxt olsun, onun toyunu görmək istəyirəm.

- Bəs öz toyunu görmək istəmirsən?

- İnşallah, bəlkə də mənim kimi HİV-lə yaşayan adam qarşıma çıxsa, ailə quraram. Çünki həyatımda məni sevən adamdan başqa, həm də uşaq olmasını istəyirəm. Haradasa körpə görəndə özümdən asılı olmayaraq ağlayıram. Ona görə ki, mənim öz uşağım da rəhmətə gedib (ağlamsınır)...

...Bilmirdim ki, HİV-lə yaşayan adam uşağa süd verməməlidir. Bunu sonradan həkimlər dedi. Süd verməsəydim uşaq qalacaqdı... Uşaq rəhmətə gedəndə çox pis oldum. Çünki 9 ay əziyyət çəkmişdim.

- Elə pis olanda yanında kim var idi?

- Uşağı dünyaya gətirən vaxt yanımda bir qadın var idi. Allah ona kömək olsun. Həmin vaxt azyaşlı idim – 15-16 yaşım var idi. Uşaq dünyaya 2005-ci il aprelin 29-da gəldi.

- İlk dəfə kiminlə intim münasibətdə olmusan?

- Həmin vaxt uşaq idim, 12-13 yaşım var idi. Avara uşaqlara qoşulmuşdum. Küçədə bir oğlanın ağzına selofan torba tutduğunu gördüm. Sən demə o “kley” iyləyirmiş. Mənə dedi sən də iylə. İyləyəndən sonrası yadımda deyil. Bir də ayıldım ki, “Dostluq” kinoteatrının qarşısındakı zirzəmidə lüt vəziyyətdəyəm. Həmin oğlan mənə “kley” iylətdirəndən sonra zorlayıb. Onun 22-23 yaşı olardı. Özümü öldürürdüm, ağlayırdım ki, bakirəliyim pozulub, mən daha ailə qura bilməyəcəm.

- İndi kimlərlə görüşürsən?

- Dostlarım, tanışlarımla. Avaralara mənim başıma gələnləri yaşamamaq üçün müəyyən şeyləri başa salıram. Hər dəfə onlar şellənməyə, keflənməyə gedəndə prezervativ verirəm.

- Yəni sənin həmin dostların bu “şellənməyə” bir iş kimi yox, sadəcə, bir əyləncə kimi baxırlar?

- Hə. Mən də onları maarifləndirirəm. Bir də, dediyim kimi, onlara prezervativ verirəm. Əgər məndə prezervativ yoxdursa, gedib ofislərdən götürürəm. Ofislərdə də olmayanda çarəm kəsilir, aptekdən alıram.

- Rəfiqələrin sənin dediklərini nə dərəcədə qəbul edir?

- Qəbul edirlər. Onları o qədər başa salmışam ki!... Demişəm, bu, çox qorxulu bir xəstəliyə gətirən virusdur. Bu virusa yoluxan yalnız özü kimi HİV daşıyıcısı ilə evlənə bilər.

Anlamayanlara da rast gəlirəm. Elə adam olur ki, - üzr istəyirəm – mənimlə cinsi əlaqəyə girməzdən əvvəl ona prezervativdən istifadə etdiyimi deyəndə başqa cür münasibət göstərir. O, cavab verir ki, “prezervativlə heç bir qadınla yaşaya bilmirəm”. Ondan HİV/AİDS barədə məlumatlı olub-olmadığını soruşur, sonra isə bu barədə ətraflı məlumat verirəm. Deyirəm qorxmursan ki, günün birində özündə bu virusa yoluxasan və camaata da keçirərsən? Deyirəm, özün də bu xəstəliyə tutularsan, ağlın başına gələr.

- Sən belə deyəndən sonra partnyorların prezervativi qəbul edir?

- Qəbul edirsə, onunla cinsi əlaqədə oluram, əks halda, yox. Hərdən düşünürəm ki, ac-susuz qalaram, ancaq prezervativsiz kiminləsə olub pul qazanmaram. Çünki mənə əlavə problem lazım deyil. Əgər kiməsə zərər versəm, onu yoluxdursam, Cinayət Məcəlləsinin 140-cı maddənin 1-ci bəndi ilə məsuliyyət daşıyacağımı bilirəm. Bu cinayət məsuliyyətini mən daşıyıramsa, deməli, özüm-özümə cavabdeh olmalıyam. Təzədən həbsxanaya düşməkdən qorxuram.

Bir sual da Mehriban Zeynalovadan gəlir:

- Bəs insan alverilə bağlı maddə hansıdır?

- 144.

- Prezervativi həbsdən çıxandan bəri təklif edirsən?

- Bəli.

- Bəs ondan əvvəl?

- Onda uşaq olmuşam, bilmirdim...

- Amma HİV-lə yaşayan olduğunu bilirdin...

- Bilirdim. Sözün düzü, həbsxanadan əvvəl prezervativdən o qədər də çox istifadə etməmişəm. Ancaq etdiyim vaxt da olurdu. Məsələn, bir müştərim var idi. Onunla hər dəfə prezervativlə olurdum. Məndən soruşanda ki, nə üçün hər dəfə qoruyucudan istifadə edirsən, deyirdim “vospaleniya”m var, birdən sənə də keçər. Onu da deyim ki, HİV-ə Sumqayıt yolundakı kafelərdən birində tutulmuşam. Ancaq HİV barədə çox da məlumatlı deyildim.

- Həbsxanadan çıxandan sonra intim münasibətlərə özün istəyib gedirsən, yoxsa yalnız pul xətrinə?

- Pula ehtiyacım olanda bu addımı məcburi olaraq atıram ki, ac-susuz qalmayım.

- Bu nə vaxta qədər davam edəcək?

- Mən haradasa bir yerdə normal işdə işləmək istəyirəm.

Cavabı Mehriban Zeynalova davam etdirir:

- Biz bir neçə təşkilatla birlikdə Elnurənin işlə təmin olunması üçün Respublika Məşğulluq Mərkəzinə müraciət etməyi düşünürük. Onlara rəsmi məktub yazıb, cavab gözləyəcəyik. Axı onun da işləmək hüququ var.

- Mətbuatda sənin həbsxanadan çıxandan sonra barlara getdiyin yazılır. Barlara gedirsən?

- Yox, mən barlara getmirəm, daha çox öz dost-tanışlarımla gəzirəm.

- Mətbuatda sənin həbsxanaya düşməzdən əvvəl 200 nəfərlə intim münasibətdə olduğun yazılırdı. Bu 200 rəqəmi hardan çıxmışdı? Ümumiyyətlə, müştərilərini saymısan?

- Yox, saymamışam.

- Bəs onda 200 rəqəmi hardan çıxıb?

- Məndən istifadə edənlər olub.

- Kimlər olub?

- Birinci növbədə Sahib Teymurov (“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin sədri nəzərdə tutulur – P.A.). Mənim bircə düşmənim varsa, odur.

- Necə istifadə edib?

- Məni qorxudub, söz alıblar.

- Kim qorxudurdu? Bir az ətraflı, mümkünsə...

- Ən çox Sahib Teymurov. O məni qorxudaraq, istifadə etdi. Onun maşınında oturmuşduq, dedi ki, radioda 200 nəfərlə intim münasibətdə olduğunu və filan-filan barların adını deməsən, səni pis hala qoyacam. Dedi, səni tutduraram.

- Sahib Teymur səni döyürdü?

- Döymürdü, ancaq döyməkdən betər edirdi, çox qorxudurdu.

- Televizorda adlarını çəkdiyin barlarda olmuşdunmu?

- Yox, ümumiyyətlə, mən barlara gedən olmamışam. Yalnız bir neçə dəfə bəzi barlara getmişəm. Mən restoranlarda, saunalarda və küçədə gəzən olmuşam. Bir də diskotekaya getmişəm. Ən çox sevdiyim bir diskoteka “X-Dans Klub” idi. Başqa diskotekalara, barlara gedən olmamışam.

- Sahib Teymurovun səndən barların adını hansı məqsədlə soruşduğunu bilirdinmi?

- Bunu tam başa düşmürdüm. Mənə dedi ki, gedib barlardan pul yığacam, sənin sənədlərini düzəldib Almaniyaya aparacam, orada müalicə olunacaqsan, sonra da ailə quracaqsan.

- Sahib Teymurov səninlə intim münasibətdə olub?

- Yox.

- Bir az da əvvələ gedək. Sahib Teymurov səni necə tapmışdı?

- Bir uşaq sığınacağında.

- Ümumiyyətlə, sənin HİV daşıyıcısı kimi cəmiyyətə təqdim olunmağında, yəni anonimliyin pozulmasında daha çox kimləri günahkar görürsən?

- Sahib Teymurovu, bir də... (telekanallardan birinin adını çəkir – P.A.). Ancaq daha qəzetlərdə haqqımda yazı görmək istəmirəm, çünki bezmişəm. Artıq həbsxanadan çıxmışam, psixoloq xidmətləri alıram, maariflənirəm.

- Həbsxanada yatmağın barədə də bir az danış.

- Türmədən çıxandan sonra adam çox əsəbi olur - lap havalı kimi. 7 ay bir kamerada yatdım. Şüvəlandakı həbsxanada olan kamerada ürəyim çox sıxılırdı, başım ağrıyırdı. Orada bir həkim mənə kömək elədi, sağ olsun. Ona məlumat verdim ki, mən daşıyıcıyam, QİÇS-li deyiləm. Başa saldım ki, hava ilə, nəfəslə keçən virus daşımıram. Bundan sonra həkim HİV-in nə olduğunu anladı. Sonra həmin həkim bu barədə həbsxana rəisinə məlumat verdi. Sonra rəis mənim başqa məhbusların yanına keçməyimə icazə verdi. Orada televizora da baxırdım, adamlarla söhbət edirdim. Bir qadın var idi, gördü yetiməm, mənə kömək edirdi, yemək verirdi. Deyirdi ki, qızımla yaşıdsan. O özü də anamla yaşıd idi, onu “mama” deyib çağırırdım. Qoymurdu ki, mən türmə yeməyi yeyim. Ancaq türmə yeməyi də yemişəm, ayıb deyil ki! Adam var, heç onu da tapa bilmir, buna da şükür etmək lazımdır.

Mən indiki həyatıma da şükür edirəm. Ancaq daha televizorda görünmək, qəzetlərə düşmək istəmirəm.

- Həbsxanadan çıxmağını necə xatırlayırsan?

- Həbsxanadan çıxanda məni Zülfiyyə xanım və onun həyat yoldaşı qarşıladılar. Onlar mən türmədə yatan vaxt yanıma da gəlmişdilər, konfet gətirmişdilər.
Həbsxanadan çıxandan sonra onlar məni sığınacağa gətirdilər. Bir dəfə açarı götürüb qapını açıb, çölə çıxdım. Şəhərdə elə havalı-havalı gəzirdim ki! İnanmırdım ki, azadlıqdayam. Elə bilirdim, yenə barmaqlıq arxasındayam. Türmədən çıxandan sonra 2 ay özümə gələ bilmədim. İndinin özündə əsgər görəndə özümü pis hiss edirəm. Məni o vaxt məhkəməyə əsgərlər aparıb-gətirirdi.

- Günü necə keçirirsən?

- Səhər saat 9-da yuxudan durub, dərmanımı içirəm. Elə olur, təzədən yatıb, saat 10-da dururam. Səhər yeməyini yeyəndən sonra ya Mehriban xanımın ofisinə, ya da Nofəl müəllimin ofisinə gedirəm. Hərdən Zülfiyyə xanıma zəng vururam, görüşürük, söhbətləşirik, ya eləcə telefonla danışırıq. Başqa dostlarımla da görüşürəm. Pulum olmayanda onlardan 3-4 manat alıram. Ofislərin birində yatıb, yuxumu alıram. Mən başqa bir həyatda yaşamaq istəyirəm.

- Axşamları normal saatda yatırsan?

- Dostlarımın boş evi olanda zəng vurub çağırırlar ki, küçədə qalma, gəl bizdə yat. Həmin dostlarım mənsiz qala bilmir, mənə görə elə olur ki, onlar da küçədə qalır.

- Bəs sən sığınacaqda qalmırsan?

- Yox, orada 4 ay qaldım. Sığınacağın da qaydaları var, ömür boyu orda qalmaq olmaz ki...

- Deməli, sənin qalmağa, yatmağa bir yerin yoxdur...

- Yox, heç bir yerim yoxdur. Gecələr elə olur, dostlarımın evində qalıram, ya gedirəm internet-kluba. Neyləməliyəm ki? Çalışıram küçədə qalmayım. Çünki qorxuram. Bəlkə biri manyakdı...

- Səni küçədə görəndə heç deyiblər ki, “bu həmin qızdır”.

- Yanımda oğlan, ya da başqa tanışım olanda həmin adamı qırağa çəkib, mənim haqqımda məlumat verirlər. Kimsə belə deyəndə mən çox pis oluram. Mənim həyatıma qarışan olmamalıdır axı. Çünki bu, mənə aid olan həyatdır. Mən öz hüquqlarımı bilirəm, qoruyuculardan da istifadə edirəm.

- Sevdiyin var?

- Yox.

- Ümid edirsən ki, olacaq?

- Nə bilim. Allaha qurban olum, Allah kömək olsun. İstəyərdim ki, məni sevən və mənim sevdiyim bir kişi olsun. Mən ona heç vaxt xəyanət etmərəm. İstəyirəm yanımda doğru-düzgün kişi olsun, qabağına çay-çörək qoyum, ayağını yuyum. Öz evimin xanımı olmaq istəyirəm. İstəyirəm uşağım olsun, onu sevim, əzizləyim. Ailə qursam, uşağım olsa, o qədər sevinərəm ki!... Bütün murdar şeylərdən uzaq olaram.

- İndi özünü murdar sayırsan?

- Əvvəlki kimi yox, ancaq elə hərəkətlər edəndə, hə, murdar sayıram özümü.

- Özünü sevməyə layiq bilirsənmi?

- Əlbəttə.

- Özünü günahkar sayırsan?

- Yox.

- Bəs həyatının belə alınmağında daha çox kimi günahkar sayırsan?

- Valideynlərimi. Ən çox da anamı.

- Cəmiyyətə nə demək istərdin?

- Əvvəlcə onu elan etmək istəyirəm ki, mən autriçəm (autriç – riskli davranış qrupları arasında maarifləndirmə və profilaktika işlərini aparan şəxs. Bu profilaktika işləri küçədə və digər müxtəlif məntəqələrdə aparılır). Məni fahişə Elnarə kimi yox, autriç işçisi Elnurə kimi tanıyın. Mən artıq, yersiz diqqətdən azad olmaq istəyirəm. Mən də başqalarıyla bərabərhüquqlu insanam, mənim də xoşbəxt olmaq hüququm var. Mənim ailə qurmaq, işləmək, diqqətdən kənar, azad yaşamaq hüququm var.

Bütün insanlara üzümü tutub xahiş edirəm: Mən də sizin kimi insanam! Məni kabusa döndərməyin! Mən kabus deyiləm! Mənim kimi digər şəxslər də var, heç onlara bu qədər diqqət yoxdur. Məni başqalarından ayırmayın! Məni məhv etməyə çalışmayın! Sadəcə, mənə əl tutun ki, yaşayım!..

Категория: Mobil Dünya | Просмотров: 614 | Добавил: senanoguz
Всего комментариев: 1
2009-12-31 Спам
1. kitty
maraqli idi coz sag olun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Fevral 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
232425262728

Поиск

Друзья сайта

Статистика


Copyright MyCorp © 2017Сайт управляется системой uCoz